Bakı- APA. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqres keçirəcək. Cəmiyyətdən APA-ya verilən məlumata görə, 17-19 may tarixində “Gülüstan” sarayında keçiriləcək konqresin əsas məqsədi ölkədə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Konqresin rəsmi açılış mərasimi 17 may, saat 11.00-da “Gülüstan” sarayında baş tutacaq. Ondan əvvəl isə Konqres iştirakçıları ilə birgə Fəxri xiyabanda Heydər Əliyevin xatirəsi yad ediləcək.
Mayın 16-da saat 12.00-da "Gülüstan" sarayında “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresinə dair mətbuat konfransı keçiriləcək.
Mayın 18-də saat 16.00-da isə gənc mütəxəssislərimizin praktik biliklərini artırılması məqsədilə WET-LAB adlanan xüsusi bir sessiya təşkil olunacaq. Praktik məşğələ ürəyin cərrahi anatomiyası mövzusuna həsr olunacaq.
Qeyd olunub ki, AÜDCC 9-11 may 2009-cu il tarixdə “Bakı Ürək Günləri” 1-ci Beynəlxalq Konqresini 16 xarici ölkə nümayəndəsinin iştirakı ilə böyük uğurla həyata keçirib. Bundan iki il sonra isə, 13-15 may 2011-ci il tarixdə “Bakı Ürək Günləri” 2-ci Beynəlxalq Konqresi həyata keçirilib. İştirakçı ölkələrin sayı isə 26-ya çatıb. Bu il keçiriləcək “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresində isə, 40-a yaxın ölkənin kardioloq və kardiocərrahları iştirak edəcək.