Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycan elminin keşiyində” adlı 2 cildlik sənədlər və materiallar toplusu nəşr olunub. İnstitutdan APA-ya verilən xəbərə görə, toplunun birinci cildinə H. Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycan elminə, o cümlədən AMEA-nın inkişafına göstərdiyi qayğı öz əksini tapıb. Toplunun bu cildinə Azərbaycan KPMK bürosunun materialları, Mərkəzi Komitə plenumları və Partiya qurultaylarının qərarlarından çıxarışlar, Heydər Əliyevin elmin inkişafına həsr olunmuş çıxışları, ayrı-ayrı vaxtlarda verdiyi tövsiyyə və göstərişlər daxil edilib.
Toplunun ikinci cildinə isə H. Əliyevin müstəqillik dövründə Azərbaycan elminin inkişaf etdirilməsi məqsədilə verdiyi sərəncamlar, qəbul etdiyi qərarlar, onun alimlərlə görüşləri zamanı etdiyi çıxışlar, görkəmli alimlərə ali dövlət orden və medallarının təltif olunması barədə verdiyi fərmanlar, təbrik məktubları, yubiley mərasimlərindəki çıxışları və başqa materiallar daxil edilib.