Bakı. Rəşad Süleymanov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) tərəfindən «Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi» mövzusunda seminar müşavirə keçirilib.
APA-nın məlumatına görə, müşavirədə FHN, Təhsil Nazirliyi və təhsil müəssisələrinin nümayəndələri, həmçinin fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və təhsil nazirinin müavini Qulu Novruzov iştirak ediblər.
Əvvəlcə FHN-in fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. Seminar müşavirədə çıxış edən DYNX rəisi Elmar Hüseynov təhsil müəssisələrində yanğın təhlükəsizliyi sahəsində görülmüş işlər barədə məlumat verib. O bildirib ki, 2011-ci ildə uçota alınmış 2340 yanğın hadisəsi baş verdiyi halda, 2012-ci ildə bu rəqəm 2131-ə enib. Ötən il yanğınlarda insan ölümlərinin sayı 2011-ci illə müqayisədə azalaraq 56 nəfər təşkil edib. 2011-ci ildə bu rəqəm 66 nəfər olub. Xidmət əməkdaşları ötən il Təhsil Nazirliyinə məxsus 3948-dən artıq obyektdən 3378-də yanğın-texniki müayinələr aparıblar. Müayinələr zamanı uzun müddət təhlükəsizlik tələblərinə və standartlarına cavab verməyən 11 nasaz qaz və elektrik qurğuları şəbəkədən ayrılıb. Habelə təhsil müəssisələrində çalışan 65766 nəfər xidməti heyət yanğına qarşı təlimatlandırıb. 33 ədəd yeni yanğın su hovuzu inşa edilib, 15 ədəd nasaz su hovuzu isə təmir olunub.
«Təəssüflər olsun ki, obyektiv və bəzən də subyektiv səbəblərlə bağlı respublikanın xüsusən bölgələrində təhsil müəssisələrinin qaz cihazlarından istifadəsinə yol verilir. Bu da öz növbəsində real təhlükəyə zəmin yaradır», - deyə E. Hüseynov vurğulayıb.
E.Hüseynov təhsil müəssisələrində və digər obyektlərdə yanğın təhlükəsizliyinin təmin edilməsində cavabdeh şəxslər barədə tənqidi fikirlərini açıqlayıb, onların üzərinə düşən vəzifələrin icrasına tam məsuliyyətlə yanaşmadıqlarını qeyd edib: «Təhsil müəssisələrindəki elektrik qurğuları və cihazları istismar edilərkən «Elektrik qurğularının quraşdırılması qaydaları»nın tələblərinə tam əməl olunmur. Təhsil müəssisələrinin binaları və otaqları müvafiq qaydalara və normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təchiz edilməyib. Ötən il yanğın təhlükəsizliyinə cavabdeh 318 şəxsə qarşı inzibati tənbeh növü olan cərimə tətbiq olunub, 26 nəfərə inzibati qaydada xəbərdarlıq edilib».
Daha sonra FHN-in əməkdaşları tərəfindən müxtəlif mövzularda çıxışlar olub.