Bakı. Ramil Məmmədli - APA. “Avropa Şurasının Avropa Gənclər Fondu və Fondun yeni fəaliyyət sistemi haqqında gənclər təşkilatlarının məlumatlandırılması” mövzusunda seminar keçirilib.
APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, seminarın məqsədi Azərbaycanın gənclər təşkilatlarının Avropa miqyasında daha fəal iştirakını təmin edəcək prosesə qatılmasın istiqamət verməsi ilə bağlıdır. İ. Babayev seminarın maarifləndirici olduğunu da diqqətə çatdırıb.
Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələləri üzrə idarəsinin rəisi Marat Kəngərlinski Azərbaycanın beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini xatırladaraq, gənclərin də bu prosesə öz töhfələrinin verilməsinin əhəmiyyətini vurğulayıb: “Avropa təşkilatları ilə əlaqələrin inkişafında onlara böyük ümidlər bəslənilir. İnanıram ki, Azərbaycan gənclər təşkilatları bundan sonra da beynəlxalq qurumların layihələrində aktiv iştirak edəcəklər”.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Avropa gənclər təşkilatları haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycanın gənclər təşkilatları beynəlxalq qurumlarda zəif təmsil olunur. O, bu sahədə ölkənin digər gənclər qurumlarına lazımi dəstək verməyə hazır olduqlarını da söyləyib.
Seminarda Avropa Gənclər Fonduna müraciət qaydaları, Fondun maliyyə dəstəyi göstərilən fəaliyyət istiqamətləri, qrant növləri, meyarlar və qurumun yeni prioritetləri haqqında məlumat xarakterli çıxışlar da olub. Tədbirdə Gürcüstan, Moldova, Ukrayna, Polşa, Rumıniya, İtaliya, Xorvatiya, Albaniya və Macarıstandan olan gənclərin iştirakı ilə fonda yeni layihələrin təqdim edilməsi üçün əməkdaşlıq imkanlarının, könüllük sahəsində mübadilə layihələrinin, o cümlədən Avropa İttifaqının “Gənclər Fəaliyyətdə” proqramı çərçivəsində partnyorluq imkanlarının müzakirə edilməsi üçün dəyirmi masa təşkil olunub.
Tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan “Könüllü könüllülük” adlı kitabçanın da təqdimatı keçirilib.