Bakı-APA. Azərbaycan aprel ayında Kiyevdə start verilən "Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması Təşəbbüsü" layihəsində iştirak edir. BMT-nin Azərbaycandakı ofisindən APA-ya verilən məlumata görə, Avropa Birliyi tərəfindən maliyyələşdirilən, büdcə məbləği iki milyon yarım avro olan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən Layihənin müddəti iki ildir və altı ölkədə sığınacağa və qaçqınların himayəsinə dair prosedurların təkmilləşdirilməsi məqsədi daşıyır. Azərbaycan Respublikası daxil olmaqla, bu Layihədə Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna da iştirak edir.
"Son iyirmi il ərzində layihədə iştirak edən ölkələr qaçqınların himayəsi sahəsində əhəmiyyətli tərəqqi əldə etmişlər. Layihə milli qanunvericiliyin və təcrübənin Avropa və beynəlxalq standartlara daha da uyğunlaşdırılmasına yardım edəcək, habelə regionda mövcud olan problemlərə diqqət çəkməyə kömək edəcəkdir" – bu sözləri BMT QAK-ın Avropa Bürosunun direktoru Vincent Coşetel bildirib. Bu təşəbbüs, Avropada həyata keçirilmiş və BMT QAK tərəfindən qaçqın statusunun müəyyənləşdirilməsi prosedurlarının təkmilləşdirilməsi məqsədilə dövlət qurumları ilə sıx işlənmiş əvvəlki layihələrin uğurlarına əsaslanır.
Layihənin həyata keçirilməsində üç komponent nəzərdə tutulur. Birincisi, sığınacaq sistemində mövcud problemləri müəyyənləşdirilməklə və hər bir iştirakçı ölkə üçün həll yolları tapmaqla qəbul olunmuş qərarların keyfiyyətinin artırılmasından ibarətdir. Layihədə Aİ-nin üzv dövlətləri, o cümlədən Almaniya, Polşa, Rumıniya və İsveçlə təcrübə mübadiləsi də nəzərdə tutulur. Həmin ölkələrin müvafiq orqanları səmərəli və şəffaf sığınacaq prosedurlarının işlənib hazırlanmasına dair öz təcrübələri haqqında faydalı məsləhətlər verə biləcəklər.
İkinci istiqamət dövlət orqanlarının səlahiyyətlərinin – qaçqın statusunun müəyyənləşdirilməsinə dair qəbul olunan qərarlara cavabdeh olan dövlət qulluqçularının bacarıqlarının artırılması olacaqdır. Avropa Bürosu ilə birlikdə layihə çərçivəsində Avropada miqrasiya və sığınacaqla məşğul olan mütəxəssislərin hazırlanmasında istifadə olunan “sığınacağa dair Avropa təlim proqramı” tərcümə olunacaq və uyğunlaşdırılacaq. Bu proqram hər bir ölkədə təlimin həyata keçirilməsi üçün istifadə olunacaq. Onun məqsədi - tədris sahəsində heyətin, eləcə də sonralar təlimçi qismində işləyəcək milli ekspertlər şəbəkəsinin formalaşdırılmasından ibarətdir.
Üçüncüsü, layihə çərçivəsində qaçqın statusunun müəyyənləşdirilməsi üçün tələb olunan əsas sənədlərin ilk rusdilli bazası qurulacaq. Bu məlumat, xüsusilə mənşə ölkələri haqqında məlumat, qaçqın statusu verilməsi haqqında ərizələrə baxılması zamanı çox mühüm mənbə rolunu oynayacaq. BMT QAK tərəfindən istifadə olunan Refworld internet saytının rus dili versiyası qaçqınların mənşə ölkələrindəki vəziyyət barədə dəqiq, obyektiv və aktual məlumatların çatışmazlığının aradan qaldırılmasına kömək edəcək. Sənədlər bazası da miqrasiya xidmətlərinin əməkdaşları üçün geniş və obyektiv məlumatların əlçatan olmasını təmin edir.
Qaçqın statusunun müəyyənləşdirilməsinin yüksək keyfiyyəti - beynəlxalq himayəyə ehtiyacı olan şəxslərin statuslarının regionda ədalətli və səmərəli tanınmasının zəmanətidir. Belə ki, layihə qaçqınlara Qaçqınların statusuna dair 1951-ci il Konvensiyası və milli qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlardan faydalanmaq imkanı verəcək. Qərar qəbul etmə prosesinin təkmilləşdirilməsi ilə biz lazım olan himayə almaq üçün bu insanların şansını artırmış oluruq.