Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncamln prfeambula hissəsində bildirilir ki, tikilməkdə olan Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində daha 200 min hektar torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, 50 min hektardan artıq torpaqların isə əkin dövriyyəsinə daxil edilməsi mümkün olacaq.
Təkcə 2005-2012-ci illərdə respublikanın 34 şəhər və rayonunun 407 yaşayış məntəqəsində 721 ədəd subartezian quyusu qazılıb, habelə 400 min nəfər əhalinin yaşadığı 221 kənddə sakinləri ekoloji təmiz içməli su ilə təmin etmək məqsədi ilə modul tipli sutəmizləyici qurğular quraşdırılıb.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alan prezident İlham Əliyev əhalisi 310 min nəfərdən çox olan 29 rayonun 104 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün cari ildə subartezian quyularının layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6,0 (altı) milyon manat ayırıb.