Bakı – APA. Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın İpsviç şəhərində yerləşən Suffolk Universitet Şəhərciyinə səfər edib.
ADU Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetin yeni istifadəyə verilmiş şəhərciyi ilə tanışlıqdan sonra Suffolk Universitet Şəhərciyinin Beynəlxalq məsələlər üzrə direktoru Stüart Bannerman, Jurnalistika kursunun rəhbəri Diana ben-Aarun, professor David Gill və Ien Baxter tərəfindən Universitetdə tədris olunan proqramlar haqqında ADU-nun nümayəndə heyətinə geniş məlumat verilib.
Suffolk Universitet Şəhərciyinin rektoru, professor Mayk Saks ilə görüş zamanı şəhərciyin rəhbəri ADU ilə əməkdaşlıqdan və Azərbaycana edəcəyi səfərindən məmnunluğunu bildirib.
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Fəxrəddin Qurbanovun iştirakı ilə ADU-nun rektoru, professor Səməd Seyidov və Suffolk Universitet Şəhərciyinin rektoru, professor Mayk Saks iki universitet arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.