Göyçay. Zahid Abışov – APA. Göyçay rayonunda su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər görülür. Göyçay Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, artıq birinci mərhələdə nəzərdə tutulan işlərin çox hissəsi yekunlaşıb. Belə ki, 5 küçədə yeni kanalizasiya xətləri çəkilib, hər biri 2000 ton olmaqla 2 yeni qəbuledici su anbarının da tikintisi yekunlaşıb. Sonuncu dəfə 1975-ci ildə qurulmuş kollektorlardan axıdılan çirkab sular kollektorların yararsız vəziyyətə düşməsinə səbəb olub. Regionların sosial - iqtisadi inkişafı Dövlət Proqramına əsasən su-kanalizasiya sistemlərinin yenidən qurulmasına qərar verilib. Palana əsasən, artezian quyularının da yeniləri ilə əvəz olunması, çirkab suların isə təmizlənərək kollektorlara axıdılması nəzərdə tutulur. Kanalizasiya xətlərinin çəkilişi üçün müxtəlif diametrli borulardan istifadə olunacaq. Məlumata görə, bu da 40 000-dən çox Göyçay sakininin su-kanalizasiya problemini həll edəcək. İşlərin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.