Bakı. Etibar Məmmədov – APA. Keçmiş Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olmuş Mircəfər Bağırovun övladları Cahangir Bağırov və Cem Bağırovun həyat və döyüş yoluna həsr olunmuş “Qoşa qanad” adlı kitabın təqdimatı keçirilib.
APA-nın məlumatına görə, kitabın redaktoru Məmmədtağı Bağırov bildirib ki, kitab əsasən Mircəfər Bağırovun oğlu Cahangir Bağırovun Böyük Vətən Müharibəsindəki qəhrəmanlıqlarından bəhs edir: “Kitab Cahangir və Cem Bağırovların həyatı haqqında müxtəlif müəlliflərin əsərlərinin qısaldılmış məcmusudur. Kitabda Cahangir Bağırovun Kursk döyüşlərindəki qəhrəmanlıqları, onun müharibə vaxtı komandirlərinə yazdığı məktub, döyüş yolu barədə sənədlər əks olunub. O, 1943-cü ildə qəhrəmancasına həlak olub”.
Məmmədtağı Bağırovun sözlərinə görə, Mircəfər Bağırovun kiçik oğlu Cem Bağırov isə hərbçi olmaqla yanaşı, elmi kəşfləri ilə tanınıb.
Tədbirin digər iştirakçıları Mircəfər Bağırov və onun ailəsi haqqında xatirələrindən danışıblar.