Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu (BVF) arasında ortamüddətli fiskal siyasət, makroiqtisadi perspektivlər və növbəti IV Maddə məsləhətləşmələrinin gündəliyi müzakirə olunub.
"APA-Economics" xəbər verir ki, bu məsələlər maliyyə nazirinin birinci müavini Anar Kərimov ilə BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə diqqət mərkəzində olub.
Görüşdə Azərbaycanın iqtisadiyyatındakı inkişaf meyilləri, fiskal siyasət, ortamüddətli iqtisadi perspektivlər, eləcə də BVF-nin gələcəkdə Azərbaycana göstərəcəyi texniki dəstəyin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Anar Kərimov bildirib ki, ölkədə tətbiq olunan ortamüddətli fiskal çərçivə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, dövlət borcunun dayanıqlığının qorunması, Dövlət Neft Fondunun aktivlərinin saxlanılması və büdcə xərclərinin səmərəliliyinin artırılması baxımından mühüm rol oynayır.
Onun sözlərinə görə, hökumətin əsas prioritetləri dövlət büdcəsinin qeyri-neft gəlirləri hesabına maliyyələşmə imkanlarının genişləndirilməsi, Dövlət Neft Fondundan transfertlərin mərhələli şəkildə azaldılması və fiskal dayanıqlığın daha da gücləndirilməsidir.
Birinci müavin əlavə edib ki, nəticəəsaslı büdcə mexanizminin tətbiqi genişləndirilir, ortamüddətli xərclər çərçivəsinin əhatə dairəsi artırılır. Həmçinin dövlət maliyyəsinin rəqəmsallaşdırılması, dövlət müəssisələrinin monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və büdcə şəffaflığının artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.
BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon isə Fondun dövlət maliyyəsinin idarə olunması, fiskal siyasət və institusional potensialın gücləndirilməsi sahələrində Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
Görüşdə həmçinin vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, yaşıl inkişaf gündəliyi və işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı məsələlər də müzakirə olunub.