Bakı-APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qəbələ şəhərində yerləşən Qəbələ Mədəniyyət Mərkəzində Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarında yaşayan vətəndaşlarla görüşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazirlə birgə ETSN-in idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilərək qaldırılan məsələlər ETSN-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb, bir sıra məsələlər isə yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
ETSN-in səlahiyyətlərinə aid olmayan vətəndaşların müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılması üçün nəzarətə götürülüb. Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir Hüseyn Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.