Bakı. Ülkər Rəşidqızı – APA. “Biz bu gün yaradıcı gənclərin inkişafı üçün müəyyən baza formalaşması, mövcud emalatxanalardan, yaradıcılıq mərkəzlərindən gənclərin güzəştlə istifadə edə bilməsi üçün işlər aparırıq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Onun sözlərinə görə, hər bir yaradıcı insan istəyir ki, onun əməyi, fəaliyyəti dünya və ölkə ictimaiyyətinə nümayiş etdirilsin, çatdırılsın: “Biz bu istiqamətdə addımlar atmışıq, artıq bir neçə ildir ki, Azərbaycanın elmlə məşğul olan istedadlı gənclərin məruzələri toplu şəklində nəşr olunur, onların beynəlxalq konfranslarda iştirakı təmin olunur. Eyni zamanda yaradıcılıq sahəsində, istər musiqi, istər rəsm, istər heykəltəraşlıq sahəsində bu günə qədər yüzlərlə fərdi və kollektiv sərgilər təşkil olunur, festivallar, müsabiqələr keçirilir. Çalışırıq ki, ölkə daxilində təşkil olunan bu tədbirlər vasitəsilə istedadlı gənclərimizi aşkar edək, eyni zamanda onların dünya miqyasında təcrübəsini, mübadiləsini təşkil edək”.