Azərbaycan alimi Qazaxıstanın əlifba islahatında iştirak edib
Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Məsud Mahmudov Qazaxıstanda keçirilən əlifba islahatında iştirak edib. Alim bununla bağlı Qazaxıstanın Elm və Təhsil Nazirliyi tərəfindən dəvət alıb.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, o, qonşu ölkənin dilçi mütəxəssisləri ilə görüşüb, latın qrafikasına keçid istiqamətində ölkənin təcrübəsindən danışıb. Azərbaycanlı mütəxəssis bu islahatlarda iştirak edən digər türkdilli respublikaların, o cümlədən Orta Asiya ölkələrinin də təqdim etdiyi layihələrlə tanış olub, onlar barədə fikir mübadilələrində iştirak edib. Dilçi alim gələcəkdə ortaq türk əlifbasına keçid problemini aradan qaldırmaq üçün Qazaxıstan əlifbasının Azərbaycan və türk əlifbalarına uyğunlaşdırılmasını daha məqsədəuyğun hesab edib. Qazaxıstan Respublikası Dövlət Dil Komissiyasının üzvlüyünə də qəbul olunmuş M.Mahmudov bildirib ki, qonşu ölkə bütün islahat təkliflərini dəyərləndirdikdən sonra 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçəcək.