APA-nın məlumatına görə, tədbirdə çıxış edən Alyansın həmsədri Yadigar Məmmədli bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycanda QHT-lərə antidövlət təşkilatları kimi yanaşılıb. Lakin 1999-cu ildən QHT-lərin koalisiyalaşması prosesi başlayıb. 2007-ci ildə QHT-lərə dövlət dəstəyi ilə bağlı konsepsiya təsdiq olunub və 2008-ci ildə Şura yaradılıb.
QHT-lərlə bağlı yeni qanunun hazırlandığını deyən Y. Məmmədlinin sözlərinə görə, bu sənəddə QHT-lərin əlavə dəyər vergisindən azad edilməsi, QHT Evinin yaradılması, bəzi nazirliklərin ictimai missiyalara cəlbi və s. öz əksini tapacaq. Qanun layihəsinin qəbulu QHT-lərin fəaliyyətində şəffaflığı artıracaq: «Bundan sonra bizi daha ciddi fəaliyyətlər gözləyir. Düşünürük ki yeni qanunun qəbulu QHT-lərə əlavə imkanlar açmış olacaq».
QHT-lərə Dövlət Dəstəyi Şurasını icraçı direktoru Fərasət Qurbanov qeyd edib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda QHT-lərə dövlət dəstəyi işi 5 il əvvəl başlanıb: “Buna baxmayaraq qeyd olunan sahədə mühüm addımlar atılıb. Bu gün reallıq yeni yanaşmalar tələb edir. Biz də fəaliyyətimizdə bunu nəzərə alırıq”.
Tədbirdə çıxış edənlər QHT-lərə Dövlət Dəstəyi Şurasının ötən 5 ildəki fəaliyyətini dəyərləndirib, öz təkliflərini veriblər.
Tədbirdə Milli Məclisin deputatları, müxtəlif QHT-lərin rəhbərləri, həmçinin Prezident Administrasiyasının nümayəndələri iştirak ediblər.