Bakı. Kəmalə Quliyeva - APA. AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən Şahbuz rayonu ərazisindən “Böyük Qarabaddin” adlı əlyazma əldə edilib.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ilkin araşdırmalar zamanı müqəddimə hissəsində göstərilən məlumatdan əsərin müəllifinin Əzəm xan olduğu, Məhəmməd Əbdul Rəhman xan tərəfindən tərtib olunaraq çap edildiyi və tibbə aid olduğu müəyyən edilib.
Nüsxə fars dilində nəstəliq xətti ilə hicri qəmər 1302-ci (miladi 1880-cı) ildə çap edilib. Əlyazma 416 səhifəni əhatə edir və 24 fəsil, 61 bölmədən ibarətdir.
Əlyazmanın tədqiqatının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.