Lex Kaçinski: “Ərazi bütövlüyü prinsipi pozularsa, Avropanı xaos gözləyir”

Lex Kaçinski: “Ərazi bütövlüyü prinsipi pozularsa, Avropanı xaos gözləyir”
# 13 avqust 2008 13:30 (UTC +04:00)
Litva prezidenti V. Adamkus bildirib ki, Gürcüstan hökumətinə Rusiya işğalı altındakı ərazilərdə zorakılığa məruz qalan vətəndaşlarını müdafiə etmək imkanı verilməlidir: “Belə məlum olur ki, Gürcüstan öz ərazisindəki münaqişələri həll etmək hüququna malik deyil. Suverenlik yalnız kağız üzərindədir və beynəlxalq ictimaiyyət lazımi qədər fəallıq göstərmir. Əgər biz burada sülh olmasını istəyiriksə, işğalçı qoşunlar Gürcüstanı tərk etməlidir”. V. Adamkus İkinci Dünya Müharibəsini misal göstərərək təcavüzkarın boş buraxılmasının milyonlarla insanın ölümünə səbəb olduğunu xatırladıb.

Polşa prezidenti Lex Kaçinski atəşin dayandırılması haqda sənədə Gürcüstanın ərazi bütövlüyünün tanındığına dair müddəa salınmasını istəyib: “Uzun illərdir Avropada sabitliyi təmin edən bu prinsip pozularsa, Avropanı xaos gözləyir”. L. Kaçinski Gürcüstanın açıq-aşkar təcavüzə məruz qaldığını söyləyərək Avropa Birliyini fəallığa səsləyib. O, ABŞ-a da müraciət edib: “Mən qlobal təhlükəsizliyə cavabdeh olan bizim ən böyük müttəfiqimiz ABŞ-ı Gürcüstanın təhlükəsizliyini təmin etməyə çağırıram. Hazırda Gürcüstanda yaranmış vəziyyət qəti addımlar tələb edir”.

Estoniya prezidenti Tomas Hendrik İlves Rusiyanı dağılmış imperiyanı bərpa etmək cəhdində ittiham edib: “Kiçik xalqların və ölkələrin təhlükəsizliyini təmin etmək lazımdır. Bunu NATO, Avropa Birliyi, ABŞ etməlidir. Əgər biz Gürcüstana qarşı təcavüzü “udsaq”, 1991-ci ilə qədər mövcud olmuş vəziyyətin bərpasını görəcəyik”.
Latviyanın baş naziri İvar Qodmanis də bəyan edib ki, bütün danışıqların istinad nöqtəsi Gürcüstanın ərazi bütövlüyü olmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR