Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub

Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub
# 23 fevral 2016 11:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında sədrin birinci müavini Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvlüyünə təyin edilməsi müzakirə olunub.

APA-nın məlumatına görə, müzakirə zamanı deputat Qüdrət Həsənquliyev buna etiraz edərək bildirib ki, hakimiyyətin bir qanadına digər hakimiyyət qanadının nümayəndəsinin təyin olunması düzgün deyil: “Belə çıxır ki, Milli Məclisin İntizam Komissiyasının tərkibinə bir nazir, bir prokurorluq əməkdaşı cəlb edilməlidir. Bu, məhkəmələrin işinə müdaxilədir”.

Q. Həsənquliyev deyib ki, Ziyafət Əsgərov birinci müavin kimi Milli Məclisin işinin təşkili ilə məşğul olmalıdır: “Ali Məhkəmənin sədri bu işi yerinə yetirə bilər. Məhkəmə-Hüquq Şurasının üzvləri hakimlərdən ibarət olmalıdır. Biz mütləq bu qanuna yenidən baxmalıyıq. Bu, Konstitusiya pozuntusudur”.

Sədr Oqtay Əsədov, deputatlar Siyavuş Novruzov və Əli Hüseynli isə çıxış edərək bildiriblər ki, burada heç bir Konstitusiya pozuntusu yoxdur və Z. Əsgərovun Şurada təmsil olunması bu sahədə islahatlara dəstəkdir. Təklif səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir müddət əvvəl MHŞ üzvlüyündən çıxdığı üçün həmin yer boş qalıb.

Milli Məclisdə “Polis haqqında” qanuna da texniki dəyişiklik qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR