Azad Rəhimov: “Biz islamın sabahı haqqında düşünməliyik”

Azad Rəhimov: “Biz islamın sabahı haqqında düşünməliyik”
# 12 aprel 2016 15:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti İstanbulda keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) “İƏT Gənc liderlər Sammiti”nə qatılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, A. Rəhimov tədbirdə Azərbaycanda gənclər siyasəti sahəsində aparılan işlər, ölkənin 2/3 hissəsinin 30 yaşına qədər gənclərdən ibarət olması, “2005-2009”, “2011-2015-ci illər Azərbaycan gəncliyi Dövlət Proqram”ları çərçivəsində görülmüş işlər, yeni “2016-2020 Azərbaycan Gəncliyi Dövlət proqramında öz əksini tapmış və icrası nəzərdə tutulmuş tədbirlər, “2015-2025-ci illəri əhatə edən “Gənclərin inkişafı üzrə Dövlət Strategiyası” haqda məlumat verib.

Nazir islam ölkələri gənclərinin həmrəyliyinə, birgə fəaliyyətlərinə və tədbirlərinə daim dəstək verdiyini, islam ölkələri gənclər Forumunun təsis iclasının məhz Azərbaycanda keçirildiyini və ölkə başçısı İlham Əliyevin adı çəkilən təşkilatın mərkəzi qərargahının açılışında iştirak etdiyini və fəaliyyətini diqqətdə saxladığı barədə qonaqları məlumatlandırıb.

A. Rəhimov qeyd edib ki, Azərbaycanda 320 QHT fəaliyyət göstərir. O əlavə edib ki, Türkiyə, Küveyt, Qatar, Mərakeş, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, İraq və digər ölkələrlə gənclər sahəsində sıx əməkdaşlıq edilir: “Biz hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik. Biz islamın sabahı haqqında düşünməliyik və məqsədlərimizə çatmaq üçün bu gün nələri ortaya qoyduğumuza diqqət verməliyik. Birgə qüvvələrimizi qoyaraq Gənclər Strategiyasını inkişaf etdirməliyik. Bu strategiya gənclərin arzu və istəklərinin üzərində qurulmalıdır.”

A. Rəhimovun çıxışının sonunda İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirilib.

Qeyd olunub ki, Sammitin ikinci panelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, 4-cü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev Bakı İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimatla çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR