Qulu Məhərrəmli Arif Alışanovun məhkəməyə gəlməsini istəyib

Qulu Məhərrəmli Arif Alışanovun məhkəməyə gəlməsini istəyib
# 08 aprel 2016 13:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Yasamal rayon Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Q. Məhərrəmlinin vəkili Cavid Rzazadə çıxış edərək bildirib ki Arif Alışanov məhkəmə iclasına gəlmədiyinə görə iş baxışa qəbul edilə bilməz.

Hakim isə bildirib ki prosesdə A. Alışanovun vəkili Zaur Abbasov iştirak edir və o, orderi məhkəməyə təqdim edib.

Prosesdə çıxış edən Q. Məhərrəmli isə bildirib ki, o, müsahibəsində heç kimi təhqir etməyib, yalnız tənqidi fikirlər səsləndirib və buna görə məhkəməyə verilməsi onu məyus edib.

Q. Məhərrəmli deyib ki, şərəf və ləyaqət ailə kimidir, kimsəyə etibar edilməz. O, A. Alişanovun məhkəməyə gəlməsini istəyib.

Müşavirədən sonra hakim məhkəmənin qərarın elan edib. Qərara görə iş baxışa təyin edilib. Prosesin baxış iclası aprelin 15də keçiriləcək.

Qeyd edək ki, Q. Məhərrəmlinin Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra A. Alışanov şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək Yasamal rayon Məhkəməsinə müraciət edib. Müraciətdə Qulu Məhərrəmliyə qarşı cinayət işinin açılması istənilib. A.Alışanov eləcə də Nəsimi rayon Məhkəməsinə müraciət edərək Q.Məhərrəmlinin 100 min manat təzminat ödəməsini tələb edib. O, ərizəsində həmin pulu uşaq evinə köçürəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR