Türk Şurasının baş katibi: “Quruma üzv ölkələr Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir"

Türk Şurasının baş katibi: “Quruma üzv ölkələr Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir"
# 23 avqust 2016 09:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ümid edirik ki, bu il Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) BMT yanında müşahidəçi statusunu ala biləcək”.

APA-nın məlumatına görə, bunu qurumun baş katibi Ramil Həsənov deyib.

O bildirib ki, Şura 3 ildir bu statusu almaq üçün müraciət edib: "Təəssüf ki, bir neçə ölkə altıncı komitədə üzvlüyümüzlə bağlı etiraz etdiyi üçün bu, baş tutmayıb. Ümid edirik ki, bu il oktyabr ayında altıncı komitədə bu məsələ öz həllini tapacaq".

R. Həsənov həmçinin qeyd edib ki, Türk Şurası BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü təşkil edəcək: "4 ölkənin xarici işlər nazirləri artıq iştirakını təsdiq edib. Sentyabrın 20-25-də bu görüş baş tutacaq. Görüşdə sammitdə müzakirə olunacaq mövzuların yekun sənədi ilə bağlı qərar veriləcək”.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə R. Həsənov bəyan edib ki, Türk Şurasına üzv ölkələr Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. O bildirib ki, beynəlxalq hüquq və BMT-nin qətnamələri bu əraziləri işğal olunan ərazi kimi qeyd edir: “Münaqişə Helsinki Yekun Aktında göstərilən müddəalar əsasında həllini tapmalıdır. Azərbaycan beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Ən böyük arzumuz odur ki, torpaqlar geri qayıtsın”.

Baş katib həmçinin bildirib ki, Türkmənistan və Özbəkistanın təşkilata cəlb olunması üçün səylər göstərilir: “Üzv olmasalar da, Türkmənistan, Özbəkistan və bəzən Macarıstanı tədbirlərimizə dəvət edirik. Üzvlüklə bağlı qərarı ölkələrin özləri verməlidir. İstanbuldakı ofisimizin qarşısındakı bayraqlar yerində iki dirək boşdur. Bu, Türkmənistan və Özbəkistana mesajdır. Onların yeri boşdur, nə zaman istəsələr, üzv ola bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR