TQDK: Onlayn sınaq imtahanında 935 bakalavr iştirak edib

TQDK: Onlayn sınaq imtahanında 935 bakalavr iştirak edib
# 29 fevral 2016 10:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 20 fevraldan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı aparılır. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Bildirilib ki, 29 fevral saat 10.00-a olan məlumata görə onlayn sınaq imtahanında 935 bakalavr iştirak edib: “Bakalavrlara yaradılmış bu imkandan yararlanmağı tövsiyə edir və nəzərinizə çatdırırıq ki, bu sınaq imtahanı qəbul imtahanının birinci mərhələsinin modelinə uyğun olduğuna görə bakalavrların imtahana hazırlıq səviyyəsini daha dəqiq qiymətləndirməyə imkan verir. Qeyd etmək istəyirik ki, müxtəlif hazırlıq kursları tərəfindən aparılan sınaq imtahanlarının TQDK-nın qəbul imtahanı proqramlarına və modelinə uyğunluğuna TQDK heç bir təminat vermir. Bunun üçün yalnız həmin hazırlıq kursları cavabdehdirlər”.

Qeyd olunub ki, onlayn sınaq imtahanının məqsədi bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır: “Bakalavrlar Komissiyanın internet saytının müvafiq səhifəsində ( http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR