Sabahdan Fransa-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq

Sabahdan Fransa-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq
# 14 sentyabr 2016 16:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sabahdan - yeni tədris ilindən Fransa-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sentyabrın 15-də ölkədə yeni 29 məktəb istifadəyə veriləcək. Bu məktəblərin 7-si Təhsil Nazirliyi tərəfindən tikilib, 384 məktəbdə cari təmir işləri, 101 məktəbdə isə əsaslı təmir işləri yekunlaşıb. Nazirin sözlərinə görə, bu gün açılışı keçirilən İT STEP Akademiyası XXI əsrin peşə təhsil müəssisəsi sayılır və informasiya texnologiyaları sahəsində mütəxəssislərin hazırlanması ilə məşğul olacaq: “Balakən və Mərdəkanda əsaslı şəkildə bərpa olunan 2 internatın da açılışı keçiriləcək. 2500-ə yaxın yeni gənc müəllim ölkənin müxtəlif məktəblərində fəaliyyətə başlayacaq. Regionlarda 200-dən artıq məktəbə yeni direktorlar təyin edilib. Bakıda onlarla məktəbə yeni direktorlar təyin olunub. Biz yeni - 2016-2017-ci tədris ilinə nikbin baxırıq. Son 3 ildə buraxılış və qəbul imtahanlarının nəticələrinin ildən-ilə daha da yüksəlməsi, tədrisin keyfiyyətinin artması müşahidə edilir. Ölkənin təhsil sisteminin maddi-texniki bazası gücləndirilir ki, bu da artıq ənənə halı alıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR