Avropada yaşayan azərbaycanlılar Angela Merkelə müraciət ediblər

Avropada yaşayan azərbaycanlılar Angela Merkelə müraciət ediblər
# 06 aprel 2016 12:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar Almaniya Kansleri Angela Merkele məktub ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda AAK Azərbaycanın işğal olunmuş ərazilərdə mövcud vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib. Etiraz məktubunda qeyd edilib ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlaması üçün təxribatlar törədib: “Bu təxribat nəticəsində Azərbaycanın dinc əhalisindən ölən və yaralananlar olub, xeyli sayda ailənin əmlakına ziyan dəyib”.

Müraciətdə Dağlıq Qarabağ münaqişəsinə dair tarixi və statistik məlumat verilərək, bu münaqişənin həll edilməsinin bütün regionun inkişafı üçün əhəmiyyətli olacağı qeyd edilib. Məktubda Angela Merkelin dünyəvi dövlət başçısı, tolerant şəxsiyyət olduğu qeyd olunub, onun mürəkkəb böhran nöqtələrində nümayiş etdirdiyi prinsipal mövqe yüksək dəyərləndirilib. Eyni zamanda Merkelə açıq sual ünvanlanıb: “Bəs niyə azərbaycanlılar müstəsnadır, azərbaycanlıların taleyinə biganəsiniz”.

AAK Avropada yaşayan azərbaycanlıların adından Azərbaycanın ərazi bütövlüyü məsələsində ədalətli mövqe tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR