Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının konfransında Qalaaltı regionunun təqdimatı keçirilib

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının konfransında Qalaaltı regionunun təqdimatı keçirilib
# 15 aprel 2016 15:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Karlovı Varıda təşkil olunan konfransında “Qalaaltı” regionunun təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Avropa Tarixi Termal Şəhərlər Birliyinin prezidenti Quiseppa Bellandi, Karlovı Varı şəhərinin merinin müavini Jiri Klsak, üzv ölkələrin nümayəndələri iştirak edib, nazirliyin turizm şöbəsinin əməkdaşı Günel Aslanova, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyasının nümayəndəsi Vüqar Əliyev və Qalaaltı sanatoriyasının meneceri Çingiz Hacıyevdən ibarət Azərbaycan nümayəndə heyəti təmsil olunub.

Q. Bellandi çıxışında layihələrin ölkələrə verdiyi töhfələr və gələcəkdə daha çox üzv şəhərlərin müəyyənləşdirilməsi, eləcə də layihə vasitəsilə sağlamlıq turizmi üzrə turistlərin cəlb olunmasının vacibliyini vurğulayıb.

Çingiz Hacıyev Qalaaltının marketinq strategiyası haqqında çıxış edib və region haqqında geniş təqdimatı təqdim edib.

Tədbirin sonunda Qalaaltı regionun üzv qoşulması barədə rəsmi sertifikat Azərbaycan nümayəndə heyətinə təqdim edilib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı “Qalaaltı” sanatoriyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçildiyi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR