ETSN: Göygöl Milli Parkının direktoruna şiddətli töhmət verilib

ETSN: Göygöl Milli Parkının direktoruna şiddətli töhmət verilib
# 12 avqust 2016 11:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Göygöl Milli Parkının direktoruna şiddətli töhmət verilib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu addım direktorun Göygöl Milli Parkına gələn ziyarətçilərin Maralgöl ərazisini məişət tullantıları ilə çirkləndirməsinin qarşısını almadığına, lazımi qaydada nəzarət yaratmadığına və Milli Park əməkdaşlarının öz xidməti vəzifələrinə daha ciddi və məsuliyyətlə yanaşmalarını təmin etmədiyinə görə atılıb.

Habelə Nazirliyin milli parklara nəzarət edən departamentinin rəhbərinə töhmət verilib və belə halların qarşısının alınması və təkrar olunmaması məqsədi ilə müvafiq qurumlara göstərişlər verilib.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə tapşırılıb ki, milli parkların fəaliyyəti üzərində nəzarət sistemini təkmilləşdirsin, təbiət ərazilərini çirkləndirən, rejimi pozan şəxslərin vaxtında aşkar olunması və adlarının daxili qaydaları pozanlar üçün nəzərdə tutulan “Qara Siyahı”ya salınaraq parka buraxılmaması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən cərimələnməsi üçün təcili tədbirlər görsün.

Qeyd olunub ki, Göygöl Milli Parkına 2016-cı ilin ötən ayları ərzində, 6 yaşınadək uşaqlar da daxil olmaqla, yüz minədək ziyarətçi gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR