Bərdədə məcburi köçkünlərin təhsil aldığı məktəb qəzalı vəziyyətə düşüb

Bərdədə məcburi köçkünlərin təhsil aldığı məktəb qəzalı vəziyyətə düşüb
# 11 dekabr 2015 14:59 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı-APA. Bərdə şəhərində Laçın və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 3 il əvvəl istifadəyə verilmiş orta məktəb binası qəzalı vəziyyətə düşüb.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, 2012-ci ildə Bərdənin Xam Torpaq adlanan ərazisində istifadəyə verilən 195 ailəlik yeni qəsəbədə inşa olunan məktəbin bünövrəsi çöküb. Yeni məktəb binası istifadəyə verildiyi gündən iki rayonun - Laçın Rayon Təhsil Şöbəsinin Vüqar Abdullayev adına Hacıxanlı kənd tam orta məktəbi və Kəlbəcər Rayonu Təhsil Şöbəsinin 120 saylı tam orta məktəbinin şagirdləri iki növbəli təhsil alırlar.
Qəsəbə sakinlərinin APA-ya verdiyi məlumata görə, binanın çökməsi nəticəsində ara divarlar havada qalıb. 8 – 18 sm qalınlığında çatlar yaranıb.

Hacıxanlı kənd tam orta məktəbin direktoru Kamil Hübətov APA-ya bildirib ki, məktəbin vəziyyəti ilə bağlı aidiyyəti ı qurumlara müraciət edilib.


Məsələyə münasibət bildirən Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev APA-ya deyib ki, məktəbin vəziyyəti ilə bağlı aidiyyəti qurumlara, eləcə də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat verilib.

Məktəbə baxış keçirilib və qərara alınıb ki, məktəbin bünövrəsində təməlbərkitmə işləri aparılsın.

Təməlbərkitmə işlərinin aparılması isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR