Mikayıl Cabbarov: “Qarabağ münaqişəsi nəticəsində 700-ə yaxın təhsil müəssisəsi dağıdılıb”

Mikayıl Cabbarov: “Qarabağ münaqişəsi nəticəsində 700-ə yaxın təhsil müəssisəsi dağıdılıb”
# 30 sentyabr 2016 10:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan torpaqlarının işğalı, insanların öz yurdlarından didərgin düşməsi təhsilə də təsirsiz ötüşməyib”.


APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda keçirilən dəyirmi masada deyib. O bildirib ki, ümumilikdə münaqişə nəticəsində 700-ə qədər təhsil müəssisəsi dağılıb: “Məktəb və şagirdlərin hədəf alınması, təmas xəttində atəşkəsin pozulması bu gün də davam edir. Məktəbli Fariz Bədəlovun 2011-ci ildə erməni snayperinin atəşi nəticəsində öldüyünü hamı xatırlayır. Bu ilin aprelində də Ermənistanın atəşkəsi pozması nəticəsində məktəb və şagirdlər hədəfə götürülüb”.

Nazir qeyd edib ki, hazırda təhsil müəssisələrinə daxil olan məcburi köçkün və qaçqınların göstəriciləri ölkə üzrə ümumi göstəricilərlə üst-üstə düşür. Onun sözlərinə görə, dövlət ödənişli təhsil müəssisələrinə daxil olan bu şəxslərin ödənişini öz üzərinə götürüb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə çıxışında ölkə əhalisinin 12-13 faizini qaçqın və məcburi köçkünlərin təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan modeli sosial təminatı təmin etməyin ən düzgün modelidir. Nazir bildirib ki, ölkədə 90 mindən çox insan pensiya alır, 10 mindən çox ailəyə ünvanlı sosial yardım edilir.

Müzakirələr davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR