Eldar Əzizov: "Bəzi insanlar sərhədləri keçiblər, buna görə də cəzalarını alıblar"

Eldar Əzizov: "Bəzi insanlar sərhədləri keçiblər, buna görə də cəzalarını alıblar"
# 20 oktyabr 2015 12:23 (UTC +04:00)

Bakı - APA. Səbail rayonunda 2015-ci ilin 9 ayının yekunları müzakirə olunub.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorundan APA-ya verilən məlumata görə, yığıncaqda rayonun sosial iqtisadi inkişaf məsələlərinə xüsusi diqqət yetirilib.

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr yığıncaqda ətraflı müzakirə olunub.

Yığıncaqda çıxış edənlər prezident tərəfindən ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi tərbirlərin görülməsini halların toxunaraq ölkə başçısının sahibkarlığın inkişafı, onlara əngəl olan maneələrin aradan qaldırılması ilə bağlı görülən işləri dəstəkləyiblər.

Qeyd olunub ki, son günlər milli təhlükəsizlik nazirinin və nazirliyin bir qrup əməkdaşının vəzifədən kənarlaşdırılması və bəzilərinin həbsi onu göstərir ki, ölkədə heç kim məsuliyyətdən və tənqiddən kənarda qala bilməz. Yaranmış vəziyyət belə düşünməyə əsas verir prezident tərəfindən neqativ hallara qarşı çox ciddi mübarizə aparılır.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün əsas prinsiplər Azərbaycan prezidentə sadiq olmaq və harınlamamaqdır: "Bu bizə də aiddir, hamıya da. Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də öz cəzalarını alıblar".

Natiq qeyd edib ki, harınlamış, inkişafa əngəl törədən, öz mənafelərini güdənlərə qarşı rayonda da ciddi tədbirlər görüləcək.

Həmçinin cavabdeh şəxslərin məsuliyyət məsələsinə toxunan icra başçısı onlara daha məsuliyyətli olmağı, vətəndaşların müraciətlərinə həssas yanaşmağı, rayon ərazisində hər hansı qanunsuz əməllərin qarşısının qarşısının dərhal alınması ilə bağlı tapşırıqlar verib. Neqativ hallara yol verənlərə qarşı isə kimliyindən asılı olmayaraq ciddi tədbirlər görüləcək.

Toplantıda Eldar Əzizov rayonda həyata keçirilən sosial layihələr, əldə olunan uğurlarla yanaşı 20-ci yaşayış sahəsinin gələcək inkişaf planlarından, burada yaradılacaq yeni infrastruktur layihələrindən və bu istiqamətlə cənab prezidentin tapşırıq və tövsiyələri barədə məlumat verib.

İclasda həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayonun gələcək inkişaf perspektivləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR