Əhliman Əmiraslanov: “Orqan toxumalarının klonlaşdırılması alınsa, transplantologiyanın problemi həll olunar”

Əhliman Əmiraslanov: “Orqan toxumalarının klonlaşdırılması alınsa, transplantologiyanın problemi həll olunar”
# 30 sentyabr 2016 13:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Dünyada insanların orqan toxumalarının klonlaşdırılması alınacaqsa, transplantologiyanın problemi birdəfəlik həll olunar”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, alimlər yaxın gələcəkdə istənilən keyfiyyətdə, genetik formada, miqdarda orqandan toxumalar ala biləcəklər. Bunun gələcəkdə olacağına inandığını deyən Ə. Əmiraslanov qeyd edib ki, insanların klonlaşdırılması məsələsi ilə bağlı etik və hüquqi tərəflər ortaya çıxır. Onun sözlərinə görə, molekulyar biologiya getdikcə inkişaf edəcək və bu, tibb sahəsində yeni texnologiyaların yaranmasına təkan verəcək: “Tibbi etika və onun hüquqi tərəfi son dərəcə vacib məsələdir və onunla məşğul olmalıyıq. Azərbaycanda “Orqan transplantasiyası haqqında” qanun qəbul edilib və burada residentlərlə donor arasında hüquqi münasibətlər, kommersiya, donorların alınıb satılması kimi çox ciddi müzakirə mövzusu olan məsələlər ortaya çıxır”.



Ə. Əmiraslanov vurğulayıb ki, meyitdən orqan götürmək də vacib bir məsələdir: “Lakin beyin ölümünün təsdiqlənməsi məsələsi bu gün nəinki bizdə, dünyada da mübahisə doğuran məsələdir. Beyin ölümünün hansı mərhələsində orqan köçürülməsinin mümkün ola bilməsi müzakirə olunmalıdır. Ümumiyyətlə, transplantasiya məsələlərdə həkimlərin üzərinə məsuliyyət düşür. Bəzən orqan vermək istəyən insanın fiziki sağlamlıq dərəcəsinin qarşıya qoyulan suallara cavab verməsi həkimin görə bilməsi ən mühüm məsələdir. Bir çox məsələlərlə bağlı qanunvericilik var, amma bioetik və hüquqi məsələlər qaldığından onu həyata keçirmək olmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR