Qazaxda “Multikulturalizm Muzeyi” yaradılacaq, universitetlərdə “Azərbaycan multikulturalizmi” kafedraları açılacaq

Qazaxda “Multikulturalizm Muzeyi” yaradılacaq, universitetlərdə “Azərbaycan multikulturalizmi” kafedraları açılacaq
# 11 mart 2016 16:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda bu il “Multikulturalizm” adlı xüsusi medal təsis ediləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilən “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nda əksini tapıb.

“Multikulturalizm” adlı xüsusi medalın təsis edilməsi Nazirlər Kabineti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə tapşırılıb. Tədbirlər Planına əsasən il ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Təhsil Nazirliyi “Azərbaycan multikulturalizmi modeli” adlı fənnin tədris edildiyi ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” kafedralarının açılması üçün lazımi metodik hazırlığın aparılması, mütəmadi olaraq isə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində “Multikulturalizmə giriş”, magistratura səviyyəsində isə “Azərbaycan multikulturalizmi modeli” adlı fənlərin tədris proqramlarına daxil edilməsini təmin etməlidir.

Tədbirlər Planında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qazax Rayon İcra Hakimiyyətinə il ərzində Azərbaycandakı Rus Pravoslav Kilsəsi tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə (BBMM) bağışlanmış Qazax şəhərindəki Müqəddəs Nikolsk Pravoslav kilsəsinin binasında “Multikulturalizm Muzeyi”nin yaradılması və muzeyin BBMM-in balansına verilməsi üçün zəruri sənədləşmə işlərinin görülməsi, il ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyinə “Azərbaycan multikulturalizmi” dərsliyinin hazırlanıb nəşr etdirilməsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan dövlətinin multikulturalizm siyasətinin dini təhsil müəssisələrində, dini icmalarda təbliği məqsədilə seminarların keçirilməsi həvalə olunub. Eyni zamanda 2016-cı il ərzində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Multikulturalizm gənclərin gözü ilə” qısametrajlı film müsabiqəsinin təşkili və keçirilməsini, Mədəniyyət və Turizm Nazirliyi Dövlət sifarişi ilə Cəlil Məmmədquluzadənin “Kamança” , Qurban Səidin “Əli və Nino” əsərlərinin hazırlanıb tamaşaya qoyulmasını, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, yerli icra hakimiyyəti orqanları “Azərbaycan-doğma diyar” devizi altında etnik qrupların V incəsənət festivalının bölgələrdə keçirilməsini, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində multikulturalizm problemləri üzrə institutlararası elmi tədqiqat virtual mərkəzinin təsis edilməsi, Fəlsəfə və Hüquq İnstitutunun nəzdində isə “Multikulturalizm” şöbəsinin yaradılmasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR