Vaşinqtonda “Azərbaycan və Gürcüstanda biznes imkanları” mövzusunda seminar keçirilib

Vaşinqtonda “Azərbaycan və Gürcüstanda biznes imkanları” mövzusunda seminar keçirilib
# 11 aprel 2016 05:29 (UTC +04:00)

Bakı-APA. Vaşinqtonda Azərbaycan və Gürcüstanın ABŞ-dakı səfirlikləri və Kolumbiya federal dairəsinin Kiçik və yerli biznes inkişafı departamentinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Gürcüstanda biznes imkanları” mövzusunda seminar keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, ABŞ-Azərbaycan Ticarət Palatası və Amerika-Gürcüstan Biznes Şurasının dəstəyi ilə Gürcüstanın ABŞ-dakı səfirliyində təşkil edilmiş bu tədbir çərçivəsində regionumuzun biznes mühiti və investisiya imkanları barədə ətraflı məlumat verilib.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov Azərbaycan və ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq barədə danışaraq, Azərbaycan prezidenti İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitində iştirak məqsədilə ötən günlərdə Vaşinqtona səfəri çərçivəsində ABŞ rəhbərliyi ilə keçirilmiş yüksək səviyyəli görüşlərin ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından daşıdığı mühüm əhəmiyyəti vurğulayıb. Əlaqələrin inkişafı baxımından müqavilə-hüquqi bazasının vacibliyini qeyd edən Azərbaycan diplomatı bu mənada aprelin 6-da iki ölkə arasında imzalanmış Açıq Səma Sazişinin yeni imkanlar açacağını söyləyib.

Daha sonra ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova Azərbaycanda mövcud əlverişli biznes mühiti, xarici investorlar üçün yaradılan cəlbedici şərait, potensial sərmayə layihələri və yerli istehsal imkanlarının perspektivlərinə dair təqdimatla çıxış edib.

Gürcüstan tərəfindən tədbirdə bu ölkənin ABŞ-dakı səfirliyinin elçisi Giorgi Tsikolia çıxış edib. O, öz növbəsində Gürcüstanda biznes mühiti barədə məlumat verib və eləcə də regionda həyata keçirilən enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən söz açıb.

Məlumatda qeyd edilir ki, regionumuza həsr olunmuş bu kimi birgə tədbirlərin təşkili Azərbaycan ilə Gürcüstan arasında yaranmış strateji tərəfdaşlığın uğurunun bariz nümunəsi olmaqla yanaşı, ABŞ ictimaiyyəti tərəfindən daha maraqla qarşılanıb. Bundan əlavə, Azərbaycan və Gürcüstana ticarət missiyası ilə səfərlərin təşviqi məqsədilə seminar iştirakçılarına hər iki ölkənin iqtisadi və sərməyə imkanları, o cümlədən turizm potensialı haqqında çap materialları paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR