Ramil Usubov Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

Ramil Usubov Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
# 21 sentyabr 2016 15:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov iki dövlət arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

R. Usubov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinin diqqət mərkəzində dayandığını, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının zəruriliyini bildirib.

Belarusla hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirildiyini nəzərə R. Usubov dost ölkənin Daxili İşlər Nazirliyi ilə sıx işbirliyinin mövcudluğunu, bu səfərin ikitərəfli əlaqələrin daha da inkişafına yeni töhfə verəcəyinə əminliyini xüsusi qeyd edib. Eyni zamanda, hər iki ölkənin Daxili İşlər nazirlikləri Daxili Qoşunlarının əməkdaşlığının son illər uğurla inkişaf etdiyi və bu sahədə bir sıra müsbət nəticələrin əldə olunduğu da nəzərə çatdırılıb.

Stanislav Zas müstəqillik illərində Azərbaycanda geniş abadlıq, quruculuq işlərinin aparıldığını, böyük inkişaf nəticəsində Bakının simasının tamamilə dəyişdiyini, qazanılan uğurların onlarda məmnunluq hissi doğurduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Görüşdə Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Gennadi Axramoviç iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR