Azərbaycanda uşaq cəzalarının yüngülləşdirilməsi təklif olunur

Azərbaycanda uşaq cəzalarının yüngülləşdirilməsi təklif olunur
# 21 aprel 2016 11:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda yetkinlik yaşına çatmayanların cəza müddətinin maksimum həddinin 8 ilə endirilməsi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində (“uşaq koloniyası”) saxlanma yaş həddinin 18-dən 20-ə qaldırılması təklif olunur.

APA-nın məlumatına görə, bu təklifi UNISEF-in Azərbaycandakı nümayəndəliyi Milli Məclisə təqdim edib. Bu gün parlamentdə "Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda keçirilən tədbirdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze bildirib ki, yetkinlik yaşına çatmayanların hüquqları ilə bağlı onlarda konkret təkliflər var.

Qeyd edib ki, bunlar arasında yetkinlik yaşına çatmayanlar üçün 10 illik cəza müddətinin endirilməsidir: “Avropada bu rəqəm maksimum 6 ildir. Azərbaycanda insan hüquqları, o cümlədən, uşaq hüquqlarının təmin edilməsində, o cümlədən bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində uğurlu addımlar atılıb. Hesab edirəm ki, təklif bunun davamı olar və uşaqların islah olunmasında uğurlu nəticələr verəcək”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 85-ci maddəsində yetkinlik yaşına çatmayanların cəzası 10 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulub. Qurumun təkliflərinin bir qismini açıqlayan UNISEF-in Azərbaycan üzrə milli eksperti Nazir Quliyev bildirib ki, təkliflərdə biri müəssisədə saxlanılan azyaşlıların yaş həddinin maksimum həddini 18-dən 20-yə qaldırmaqdır: “İndi Prosessual Məcəllədə istisna hal var. Amma bunu konkretləşdirmək və bütün hallarda etmək lazımdır. Digər təklif isə məhkəmələrdə və polis bölmələrində uşaqlar üçün ayrıca otaqların olmasıdır. Xüsusilə şübhəli qismində saxlanan azyaşlı polis idarəsinə arxa qapıdan və özü də polis formalı yox, mülki geyimli şəxs tərəfindən qarşılanmaqla keçməlidir. Bu, uşaqların islah olunmasında və psixoloji mühafizəsində önəmli amildir”.

Təklifləri yüksək qiymətləndirən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yalnız müəssisədə saxlanma yaşının 18-dən 20-yə qaldırılmasının düzgün olub-olmamasının mübahisəli məsələ olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR