Baş nazirin müavini: “375 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var”

Baş nazirin müavini: “375 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var”
# 07 oktyabr 2016 23:40 (UTC +04:00)

Bakı-APA. “2016-cı il aprelin əvvəlində erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında mülki əhali yaşayan məntəqələri atəşə tutması nəticəsində məcburi köçkünlərin zərər çəkmiş 260 evinin bərpası və şəxsi əmlaklarına dəyən ziyana görə dövlət büdcəsinin ehtiyat fondundan birinci mərhələdə 2,5 milyon manat vəsait ayrılıb”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

Onun sözlərinə görə, Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə 15 ailə olmaqla, cəmi 120 ailəyə maddi yardım ödənilib, ayrılan vəsait hesabına 182 evdə təmir-bərpa işləri başa çatdırılıb: “İkinci mərhələyə qalan 78 ev cəbhə xəttinin 3-4 kilometrliyində olduğuna görə əksər hissəsi dağıdılıb və evlərin həmin ərazidə və ya başqa yerdə yenidən tikilməsi üçün 2,6 milyon manat əlavə vəsait tələb olunur”.

Ə.Həsənov bildirib ki, Komitə tərəfindən məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə, statusları saxlanılmaqla, bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb: “2010-cu il ilə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb. Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq baş nazirə təqdim edilib. Yaxın günlərdə məsələnin baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur. Yeni qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq ediləcək. Bunun üçün hüquqi sənəd – Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib”.

Komitə sədri qeyd edib ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində əldə olunan vəsaitin, sosial ədalət prinsipi təmin edilməklə, imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsi üçün, razılığınız olduğu təqdirdə, müvafiq tədbirlər görüləcək.

Ə.Həsənov bildirib ki, son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədi ilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.

Komitə sədri deyib ki, görülən işlərlə bərabər, respublika üzrə 94 min ailə və ya 375 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var: “Bunlardan 172 min nəfəri Bakı şəhərində, 49 min nəfəri Sumqayıt şəhərində, 18 min nəfəri yerli sakinlərə məxsus mənzillərdə, 136 min nəfəri isə digər şəhər və rayonlarda müvəqqəti məskunlaşıb. Təkcə Bakı şəhərində istismar müddətini başa vurduğundan tam yararsız, qəza vəziyyətinə düşmüş 115 obyektdə 9 min ailə və ya 45 min nəfər məcburi köçkün müvəqqəti yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin obyektlərdə aparılmış müayinə və tərtib olunmuş arayışlarda təxirəsalınmaz tədbirlərin görülməsinin və orada yaşayan məcburi köçkünlərin köçürülməsinin zəruriliyi bildirilib. Məcburi köçkünlərin yerli sakinlərə məxsus mənzillərdə uzun illər müvəqqəti yaşaması nəticəsində son illərdə ev sahiblərinin yerli məhkəmələrə, hətta Avropa Məhkəməsinə müraciətləri artıb. Ədliyyə Nazirliyi ilə birlikdə bu məsələ üzrə müəyyən tədbirlər görülsə də, problem açıq olaraq qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR