Gürcüstanda "9 Aprel" faciəsi qeyd edilir

Gürcüstanda "9 Aprel" faciəsi qeyd edilir
# 09 aprel 2016 12:22 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda "9 Aprel" faciəsi qeyd olunur.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən gecədən başlayaraq Parlament binasının qarşısını ziyarət edən Tiflis sakinləri, Gürcüstanın dövlət və hökumət üzvləri, deputatlar, həmçinin diplomatik korpusun təmsilçiləri Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ehtiramlarını bidirirlər.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, baş nazir Giorgi Kvirikaşvili, parlament sədri David Usupaşvili, patriarx II İlya, digər dövlət və hökumət rəsmiləri, həmçinin deputatlar, müxalifət nümayəndələri, müxtəlif partiyaların təmsilçiləri bu gün Parlamentin binası qarşısındakı "9 Aprel" faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül-çiçək qoyub, faciədə həlak olanların ruhuna dualar oxuyublar.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və səfirliyin əməkdaşları da "9 Aprel" abidəsi önünə əklil qoyublar.

Xatırladaq ki, 1989-cu il aprelin 9-na keçən gecə Tiflisdə sovet ordusunun müstəqillik tələb edən gürcülərin mitinqini dağıtması nəticəsində faciə baş verib. Bu faciədən sonra Gürcüstan müstəqilliyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR