Azərbaycanda İİV infeksiyasına yoluxma halları artır

Azərbaycanda İİV infeksiyasına yoluxma halları artır
# 18 mart 2016 10:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda İİV infeksiyasına yoluxma halları sürətlə artır.

APA-nın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hesabatlarında əksini tapıb.

Son 3 ilin statistikasına nəzər salınsa, 2013-cü ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 514 nəfər olub. Onlardan 494 nəfəri (96,1 faiz) Azərbaycan vətəndaşı, 20 nəfəri (3,9 faiz) isə əcnəbi olub. 2014-cü ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 604 təşkil edib. Onlardan 586-sı (97,0%) Azərbaycan vətəndaşı, 18 nəfəri (3,0%) isə əcnəbi vətəndaş olub. 2015-ci ildə isə Azərbaycanda 727 nəfər İİV infeksiyasına yoluxub. Onlardan 704 (96,8%) nəfər Azərbaycan vətəndaşı, 23 (3,2%) nəfər əcnəbidir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2013-cü ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq edilmiş 4149 nəfər Azərbaycan vətəndaşı qeydiyyatda olubsa, 2014-cü ildə bu göstərici 4 min 735 nəfərə, 2015-ci ildə 5 min 439 nəfərə çatıb. Başqa sözlə, 1784 nəfər Azərbaycan vətəndaşı, yəni hazırda rəsmi qeydiyyatda olanların 32,8 faizi məhz son 3 ildə İİV infeksiyasına yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR