Azərbaycan Malayziyada keçirilən hərbi sərgidə 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib

Azərbaycan Malayziyada keçirilən hərbi sərgidə 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib
# 22 aprel 2016 14:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar aprelin 18-dən 21-dək Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən “DSA-2016” XV Asiya müdafiə xidmətləri sərgisində nümayiş etdirilib.

MSN-dən APA-ya verilən məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Malayziyada səfərdə olub.

Dünyanın 60 ölkəsindən 1200-dən çox şirkətin qatıldığı sərgidə yalnız 29 ölkə, o cümlədən Azərbaycan milli pavilyon ilə təmsil olunub. MSN sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib.

Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində nazir Y. Camalovun Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay, Quru Qoşunların Qərargah rəisi İhsan Uyar, Silahlı Qüvvələrin Gücləndirmə Fondunun baş direktoru Orhan Akbaş, Pakistanın müdafiə məmulatları federal naziri Rana Tanveer, Malayziyanın müdafiə naziri Hishammuddin Hussein, Çexiyanın müdafiə nazirinin müavini Thomas Kuctan və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri keçirilib. Görüşlərdə mövcud əlaqələrin prioritet istiqamətləri və perspektivlərinə dair müzakirələr aparılıb. Tərəflər müdafiə sənayesi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyini vurğulayıblar.

Sərgidə nazirliyin əməkdaşları tərəfindən tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə sentyabrda Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar verilib və dəvətlər çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR