ADU-da Şah Təhmasibə həsr olunmuş konfrans keçirilib

ADU-da Şah Təhmasibə həsr olunmuş konfrans keçirilib
# 13 may 2016 15:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Şah Təhmasib Səfəviyə həsr olunmuş konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbir ADU-nun Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Tarix Klubu və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev tədbirin əhəmiyyətinə toxunaraq bildirib ki, çox az adamın Şah Təhmasib Səfəvi haqda məlumatı var: “Ona görə də bu tədbirin əhəmiyyəti böyükdür. Tədbirin keçirilməsində göstərdiyi köməkliyə görə Tarix İnstitutunun direktoru Yaqub Mahmudova təşəkkürümü bildirirəm”.

AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Tofiq Nəcəfli qeyd edib ki, Şah Təhmasib 235 illik Səfəvi imperiyasının yaradıcı Şah İsmayıl Səfəvinin oğludur: “Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Səfəvi dövləti Yaxın Şərqdə ən qüdrətli imperiyalardan birinə çevrilib”.

Professor Şahin Fazil bildirib ki, Şah Təhmasib 10 yaşında hakimiyyətə gəlib: “O, hakimiyyətə gələn zaman çox böyük maneələrlə üzləşmişdi. Ancaq o, bu maneələrin qarşısını ala bildi. Şah Təhmasibin hakimiyyət illəri çox çətin dövrə təsadüf etmişdi”.

Daha sonra konfransda tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli konfransın vacib və aktual mövzuya həsr olunduğunu bildiriblər.

Sonda tarixçi-alimlər tələbələrin suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR