Suriyalı məşhur jurnalist: "Suriyadakı terrorun beli bu ilin axırına qədər qırılacaq” - MÜSAHİBƏ

Suriyalı məşhur jurnalist: "Suriyadakı terrorun beli bu ilin axırına qədər qırılacaq” - <span style="color: red;">MÜSAHİBƏ
# 27 iyun 2016 10:09 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Orta Şərq məsələləri üzrə tanınmış mütəxəssis, suriyalı jurnalist-yazar Hüsnü Məhəllinin APA-ya müsahibəsi

- Öncə Suriyadakı son durumu şərh etmənizi istərdik...

- Ruslarla amerikanlar arasında məsələnin siyasi yolla həlli üçün çox da açıqlanmayan bir anlaşma var. İmperialist ölkə olan ABŞ bəzi vaxtlarda öz mənafeyi naminə gizli anlaşmalara gedər, daha sonra hiss etdirmədən yenə öz siyasətini həyata keçirməyə çalışar. Hazırda ABŞ hiss etdirmədən PYD-yə dəstək verir, “Nusra”ya çox da toxunmur, ruslar İŞİD-i birgə vurmağı təklif edəndə bəhanələr gətirib yaxasını kənara çəkir və s. Ancaq hər şeyə rəğmən, Rusiya, "Hizbullah" və İran dəstəkli Suriya ordusu rusların 30 sentyabr 2015-ci ildə Suriyaya girməsindən bəri İŞİD, "Nusra” və digər terror qruplarının əllərində olan bir çox yeri geri aldı. Palmira məsələsində olduğu kimi, populyar yerlər geri alınınca mediada xəbər verilir. Ancaq ordu addım-addım, yavaş-yavaş irəliləməyə çalışır. Yavaş irəliləməyin səbəbi isə-Suriya ordusunun qarşısında ciddi orduların olmasıdır. Məsələn, Hələbin şimal bölgələrindəki terrorçu qrupların tankları, topları, raketləri, kimyəvi silahları var. İkincisi isə şəhərlərin ara küçələrində savaş gedir. Ya qəsəbəni və ya şəhəri tamamilə məhv etməlisən, ya da mühasirəyə alıb küçə-küçə irəliləməlisən. Eynilə Stalinqradın mühasirəsi kimi... Üçüncü tərəfdən - orada xeyli snayper var, xüsusilə, çeçen mənşəli snayperlər ciddi narahatlıq yaradırlar, evlərin damlarında gizlənib şəhər küçələrində irəliləyən Suriya ordusunu hədəf alırlar. İntihar aksiyaçıları isə başqa bir problemdir. Sən şəhərə girirsən, kamikadze maşına 1 ton partlayıcı yükləyib səni havaya uçurur. Terrorçular bina və küçələrdə pusqular qururlar, sən girən kimi bir anda binalar üstünə uçur. Təhlükəli şeylərdən biri də tunellərdir. Haranısa azad edirsən, düşünürsən ki, terrorçular da çıxıb getdilər. Ancaq bir də görürsən ki, daha əvvəl qazdığı tunellə sənin arxandan çıxır. Ona görə bu çətin savaşda Suriya ordusu ehtiyatı əldən verməyərək irəliləyir. ABŞ-ın PYD-ni dəstəkləməsi məsələsinə gələk.

- Türkiyənin “qırmızı xətti”nə...

- Bu, dünyanın da çox müzakirə etdiyi məsələdir. Orada kürd dövləti qurulacaq, kürdlər altdan buraya qədər, üstdən oraya qədər gedəcəklər-bunların heç biri texniki cəhətdən mümkün olan şeylər deyil, coğrafiya kimi heç mümkün deyil. Membiç deyirlər, orada 1 nəfər də kürd yoxdur. Orada türkmənlər və ərəblər var. Membiçdən aşağıya tərəf getsələr, oradakı Bab qəsəbəsində nə türkmən, nə də xristian var, hamısı radikal sünnilərdən ibarət bir qəsəbədir. Tarix boyunca o cür olub. Ona görə də deyilənlərin içi boşdur. Cerablusdan Əzezə - yəni Afrinə qədər olan 100 km-lik ərazidə də kürd yoxdur, orada da türkmənlər üstünlük təşkil edir. PYD-nin kadrı da yoxdur. Düşünə bilirsənmi, 900 km-lik Türkiyə-Suriya sərhədinə PYD nəzarət edəcək. Bu, mümkün deyil. PYD nədir, oraya Suriya dövləti belə nəzarət edə bilməz. Türkiyə dövləti oraya nəzarət etməkdə acizdir. Asan deyil. İmperializm kürdlərin təbliğatını aparır, ancaq Rojava dediyimiz bölgədə kürdlər əhalinin 40%-ni təşkil edir, çoxluqda deyillər. Şimali İraqda kürdlər əhalinin 95%-ni təşkil edir, Rojavada nə ilə dövlət quracaqsan? Ərəb aşirətləri səni məhv edərlər. Bunlar “kanton” məfhumunu gətirdilər, o da olmaz. Gündəmdəki ən mühüm məsələ İŞİD, “Nusra” və digər terrorçu qrupların təmizlənməsidir. Onlar təmizlənmədiyi müddətcə digər təfərrüatlardan danışmağın mənası yoxdur.

- Barak Obamanın “Mənim vəzifə müdddətim bitənə qədər İŞİD-in Suriyadan təmizlənməsi prosesi başa çatmaya bilər” sözləri də hərbi əməliyyatlarda Suriyanın daha təmkinli və ehtiyatlı davranmasından irəli gəlirmi?

- Bir örnək verim: bu günə qədər Suriya ordusu təxminən 40 min terrorçu öldürüb. Ancaq oradakı terrorçu qrupların hamısını bir yerə yığanda təxminən 100 min nəfərdən söhbət gedir. O qədər adamı silahlarıyla birgə gətir, Türkiyəyə qoy. Nə olar?

- Uzun müddətli savaş olar.

- Bunlar önəmli gerçəklər olsa da heç kim bu barədə danışmır. Bu gün Səudiyyə Ərəbistanından, Qətərdən, İordaniyadan, Misirdən, Qərb ölkələrindən, MKİ-dən, MOSSAD-dan - hər kəsdən pul və silah dəstəyi alırlar. Yəni, bu gün dünyanın dörd bir tərəfindən - 82 ölkədən təxminən 50 min terrorçu Suriyaya gəlib. Onların təxminən 10 mini çeçen, 2 mini Qafqaz mənşəlidir, özbəklər, taciklər, azərbaycanlılardır.

- Türkiyənin Suriyaya dair mövqeyini dəyişdirəcəyinə dair söz-söhbətlər çıxıb. Türkiyə mövqeyini dəyişdirəcəkmi?

- Yox, Türkiyənin mövqe dəyişdirməsi mümkün deyil. Bu, AKP-nin nöqteyi-nəzərindən ideoloji məsələdir. Mövqe dəyişdirdiyin andan etibarən Misirin "Müsəlman qardaşları" təşkilatının üzvlərinin hamısını Türkiyədən çıxarmalısan. Onların Türkiyədə TV kanalları, bank hesabları, qəzetləri, mühafizəçiləri, villaları var. İlk növbədə, onları burdan qovmaq lazımdır. Türkiyə bunu edərmi? Bütün dünyadakı "Müsəlman qardaşları" təşkilatlarının Türkiyədə təşkilatları var, onların pulları burdadır. AKP onları buradan çıxararsa, “Müsəlman qardaşlığı”ndan istefa verməsi lazım gələcək. O vaxt da sənin regional və bəşəri sözlərinin altı boşalacaq. Bunu hörmətli Ərdoğan etməz.

- Onda İsraillə yaxınlaşmanın və barışmanın hansı realist təməli ortaya çıxır?

- Bilirsən ki, İsraillə münaqişə iqtisadi münasibətlərə mənfi təsir göstərmədi, əksinə, iqtisadiyyat daha da inkişaf etdi. Bu, yəhudi lobbilərindən irəli gəlir. Bilirsən ki, hörmətli prezident son dəfə Obama ilə görüşmək üçün ABŞ-dakı yəhudi lobbilərindən kömək istədi, onlar da bu işi təşkil etdilər. İqtisadi cəhətdən sıxıntılı dönəmdə iqtidar sərmayənin Türkiyəyə axmasını və burada qalmasını istədiyi üçün lobbilərlə əlaqələri gücləndirməyi uyğun gördü. Yəhudi lobbilərinə salam verəndə sənə ilk sözləri bu olur ki, əvvəlcə İsraillə münasibətini yaxşılaşdır. Yoxsa Türkiyə ilə İsrailin münasibətlərinin yaxşı olmasının çox böyük önəmi yoxdur ki...

- Suriyadakı terrorçuları tamamilə təmizləmədən Rusiyanın oradan çıxmayacağını demişdiniz. Proseslər Rusiyanın orada uzun müddət qala biləcəyini göstərir...

- Qəti şəkildə eyni mövqeyimdə qalıram. Mən heç bir şərhimdə taktiki şəkildə danışmaram, hər şeyə strateji nöqtədən baxaram. 5 il əvvəl də demişdim ki, Putin Suriyaya qoşun göndərəcək, üçüncü dünya müharibəsi başlasa da, Rusiya Suriyadan vaz keçməz. Bu gün də təkidlə eyni şeyi deyirəm: Rusiya axıra qədər Suriyanı müdafiə edəcək. Hələ Avropa Birliyinin darmadağın olması, ABŞ-da Trumpın iqtidara gəlmə ehtimalı, Daşkənddəki Şanxay toplantısı, İranın Şanxay təşkilatına qəbul edilməsinin müzakirəsi, Almaniya Bundestaqının Türkiyəyə qarşı qəbul etdiyi “soyqırım” qərarı, papanın bir az əvvəl İrəvanda çiçək qoyması - yəni, hər şey Putinin lehinə cərəyan edir. Ona görə də Putin Suriyadan niyə vaz keçsin ki? Oradakı ruh xəstəsi terrorçuları təmizləməkdən niyə geri addım atsın? Onlar ordan çıxıb başqa yerlərə getsələr də, Putinin onlardan əl çəkəcəyinə inanmıram.

- Terrorçuların Suriyadan çıxarılmasından sonra onların Orta Asiyaya gedərək orada xaos yaratmaları mümkündürmü? Bu barədə də söz-söhbətlər olur.

- Əlbəttə. Orta Asiya ölkələri də, Gürcüstan da, Azərbaycan da risk altındadır. Rusiya kəşfiyyatı onları görən kimi məhv edir. Rus kəşfiyyatının təkbaşına hərəkət etdiyini düşünmürəm, mütləq Azərbaycan və Orta Asiya kəşfiyyatlarıyla əməkdaşlıq etdiyinə inanıram. Əgər terrorçular o bölgələrə gedəcəklərsə, aşağıdan gedəcəklər, ona görə bütün ölkələr əvvəlcədən hazırlıq görməlidir.

- Bizə açıqlamalarınızın birində demişdiniz ki, Suriya müxalifəti ərəb əlifbasını soldan sağa oxuyur. Onların durumu necədir, Cenevrə prosesi bitdimi?

- 2012-ci ilin aprelindəki iclasda 100 ölkə toplandı, Suriyanın dostları qrupu yaradıldı. Bu gün onlar hardadır? Özgür Suriya Ordusu deyə bir şey vardı-indi varmı? Suriya Milli Şurası indi hardadır, varmı? Əhməd Xətib harda, o biri adamlar, təşkilat hardadır? İndi Suriyada dövlətə qarşı sadəcə terror bandaları vuruşur. Sabah onların yanına gedib soruşaq ki, nə istəyirsən? Cavab verə bilməyəcəklər. Onlara pul verirlər ki, Əsədə qarşı vuruşacaqsan. Ancaq onlardan soruşanda ki, sən nə istəyirsən, dərdin nədir, cavab verə bilmirlər. Onlar üçün insan haqları, qadın haqları deyə məfhumlar yoxdur, fərqində olmadan savaşırlar. İnanılmaz dərəcədə anormal şeylərdir. Ona görə onlara dəstək verənlərin hamısı pis vəziyyətdə qaldılar. Halbuki Əsəd ilk gündən demişdi ki, əqrəbi cibinə qoysan, mütləq səni sancacaq. Suriya əhalisinin 10-12%-i ələvi, 10-12%-i xristian, dürzilər, İsmaililər, kürdlərdir. Belə bir toplumun radikal islamçıları qəbul etməsi mümkün deyil. Mən hələ işin əvvəlində demişdim ki, Suriya ordusunun 90%-i sünni, hökumətin 90%-i sünni, Hələb əhalisinin hamısının sünni olmasına baxmayaraq, onların heç biri üsyana qalxmayacaq. Onlar Suriyanı tanımadıqları kimi, tarixi də bilmirlər. Bu bölgədəki bütün mədəniyyətlərin və dinlərin beşiyi Suriya olub. Suriya əhalisindən heç kim Əsədə “ələvi diktator” demədi. Əsədə “ələvi” dedilər, ancaq xanımı sünnidir. Onları boşatdıraqmı? “Suriya” sözü təkcə Suriyanı əhatə etmir, İordaniya, Fələstini də əhatə edir. Orada böyük bir mədəniyyət var. Sən o mədəniyyəti görməzdən gələrək dünyanın bütün ruh xəstələrini gətirib Suriyada savaşdırdın. İbtidai məktəb uşaqlarını ayırıb qızlara kişi müəllim verməyən bir zehniyyətlə əməkdaşlıq etmək kimə fayda verə bilər? Onların hamısı qadın-qız düşkünü alçaqlardır.

- Ölkədəki terror nə vaxt bitər?

- İŞİD-in, “Nusra”nın beli bu ilin axırına qədər qəti şəkildə qırılacaq. Ondan sonra bu iş bitəcəkmi? Bu radikal islami anlayışla tamamilə bitməsi mümkün deyil. Onlar hər yerdədirlər. Buna görə də onlara qarşı hamı əlbir şəkildə mübarizə aparmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR