İordaniya səfiri Şərqşünaslıq İnstitutunda olub

İordaniya səfiri Şərqşünaslıq İnstitutunda olub
# 21 iyun 2016 13:13 (UTC +04:00)

Könül Kamilqızı – APA. İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiti Nassar Habaşneh iyunun 21-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfir Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva ilə görüşüb.


G.Baxşəliyeva səfirə institutun tarixi, strukturu və elmi fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. İnstitutun müxtəlif şöbələri üzrə aparılan aktual tədqiqat işlərindən danışan G.Baxşəliyeva ərəb ədiblərinin yaradıcılığı ilə bağlı aparılan tədqiqatları xüsusi qeyd edib.

Ərəb ölkələrində baş verən hadisələrin Azərbaycan xalqı tərəfindən böyük ürək ağrısı ilə müşahidə edildiyini bildirən G.Baxşəlieva İordaniyanın bu hadisələrdən ağrısız ötüşməsinin aparılan düşünülmüş siyasətin bəhrəsi olduğunu qeyd edib.

İnstitutla tanışlıqdan məmnun olduğunu bildirən səfir bu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib. Nassar Habaşneh bu görüşün qarşılıqlı əlaqələrin genişlənməsinin başlanğıcı olacağını söyləyərək, səmərəli əməkdaşlıq üçün üfüqlərin açıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR