SOCAR prezidenti Türkiyənin enerji naziri ilə görüşüb

SOCAR prezidenti Türkiyənin enerji naziri ilə görüşüb
# 28 sentyabr 2016 11:14 (UTC +04:00)

Bakı - APA-Economics. Ötən gün Türkiyəyə səfəri çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev bu ölkənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşüb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, görüşdə SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr - TANAP, STAR neft emalı zavodu və Petkimlə bağlı məsələlər müzakirə olunub. 2008-ci ildə "Petkim"in alınmasından sonra həyata keçirilməyə başlayan bu layihələrin sürətlə davam etdiyini qeyd edən R. Abdullayev STAR layihəsi üzrə tikinti işlərinin 73%-nin yerinə yetirildiyini bildirib. O, zavodun qrafikə uyğun tikilərək istismara təhvil verilməsi üçün görülən tədbirlərdən danışıb, eləcə də Azərbaycan təbii qazını Avropaya nəql edəcək TANAP boru kəmərinin tikintisi üzrə işlərin tam sürətlə, davamlı şəkildə irəlilədiyini deyib.

SOCAR prezidenti Türkiyədəki iqtisadi proseslərin Azərbaycanda yaxından izləndiyini vurğulayıb, bu ölkəyə yatırılmış sərmayələrin Azərbaycanın Türkiyə iqtisadiyyatına etimadının bir sübutu olduğunu bildirib. R. Abdullayev SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaların uzunmüddətli layihələr olaraq qətiyyətli bir şəkildə davam etdiyini, bütün layihələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçiriləcəyini deyib.

Görüşdə iştirak edən "SOCAR Türkiyə" və "Petkim" İdarə Heyətinin sədri, SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev üçüncü rübdə əldə olunan nailiyyətlərin dördüncü rübdə də davam edəcəyinə əmin olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR