Gələn ilin dövlət büdcəsində daxili və xarici dövlət borcunun 20%-dən çoxu faiz ödənişləridir

Gələn ilin dövlət büdcəsində daxili və xarici dövlət borcunun 20%-dən çoxu faiz ödənişləridir
# 09 dekabr 2015 12:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı il dövlət büdcəsində, dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 7,7%-i həcmində və yaxud 1 249 735 149 manat vəsait yönəldiləcək.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat prezident İlham Əliyevin "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanında yer alıb.

Məlumata görə, gələn il üçün daxili dövlət borcları üzrə ödəniş məbləği 301 064 641 manat səviyyəsində təsdiqlənib. Daxili dövlət borcu üzrə faiz ödənişləri 43 623 646 manat, əsas borc üzrə ödənişlər isə 257 440 995 manat müəyyənləşdirilib. Başqa sözlə, daxili dövlət borcu üzrə ödənişlərin 14,59%-ni faiz ödənişləri təşkil edəcək.

2016-cı ildə xarici dövlət borcu üzrə ödəniş məbləği 948 670 508 manat təsdiqlənib. Başqa sözlə, xarici dövlət borcu üzrə faiz ödənişləri 214 233 599 manat, əsas borc üzrə ödənişlər isə 734 436 909 manat müəyyənləşdirilib. Başqa sözlə, xarici dövlət borcu üzrə ödənişlərin 22,58%-i faizlərin ödənilməsinə yönəldiləcək.

Ümumilikdə isə, gələn il Azərbaycanın daxili və xarici dövlət borcu üzrə ödənişlərinin 20,63%-ni və ya 257 857 245 manatını faiz ödənişləri təşkil edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2016-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 500 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 500 000,0 min manat təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR