Rusiya XİN: Suriya danışıqlarına Türkiyənin aidiyyəti yoxdur

Rusiya XİN: Suriya danışıqlarına Türkiyənin aidiyyəti yoxdur
# 27 yanvar 2016 14:43 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rəsmi Moskva Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun kürd qruplaşması PYD-nin Suriya üzrə danışıqlara dəvət olunacağı halda, Ankaranın bu danışıqları boykot edəcəyi barədə bəyanatına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Ankaranın mövqeyini başa düşə bilmədiklərini söyləyib. O deyib ki, əvvəldən bu görüşlərdə Türkiyə, Səudiyyə Ərəbistanı, ABŞ və Rusiyanın iştirakı nəzərdə tutulmayıb: “Danışıqlar Suriya konfliktinin tərəfləri arasında aparılacaq. Ona görə də Türkiyənin bu müzakirələrə heç bir aidiyyəti yoxdur. O ki qaldı danışıqların iştirakçılarının seçimi prosesinə, bu, BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Misturanın cavabdehliyində olan məsələdir. Nə Türkiyə, nə də Rusiyanın nümayəndə heyətinin formalaşdırılmasına heç bir dəxli yoxdur”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu PYD-ni terror təşkilatı adlandıraraq bu qruplaşmanın danışıqlara dəvət olunmasına qarşı olduqlarını bildirib: “PYD danışıqlar masası arxasında hansı qisimdə iştirak edəcək? Terror təşkilatı xalqı təmsil edə bilərmi? Bu danışıqlar müxalifət və rejim arasında keçirilir. Orada terror təşkilatları iştirak edə bilməz. Bu vaxtadək PYD-nin danışıqlara dəvət olunmayacağı bildirilirdi. Əgər PYD-ni Cenevrə danışıqlarına dəvət ediblərsə, biz, əlbəttə ki, görüşü boykot edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR