MSK və Ombudsman Aparatı 90 saylı Ağdaş DSK üzrə təkrar seçkilərlə bağlı seminar keçirib

MSK və Ombudsman Aparatı 90 saylı Ağdaş DSK üzrə təkrar seçkilərlə bağlı seminar keçirib
# 07 may 2016 14:32 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ölkə prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq mayın 7-də 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının (DSK) inzibati binasında iyunun 18-də parlamentə keçiriləcək təkrar seçkilərlə əlaqədar DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seminar təşkil olunub. Seminarda 40 məntəqə seçki komissiyasının sədri iştirak edib.

APA-nın yerli bürosunun xəbərinə görə “Seçki hüquqlarının müdafiəsi” mövzusunda keçirilən seminarda Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında baxılması”, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı “Seçki hüquqları əsas insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi” mövzusunda məruzə edib.

Treninq-seminarın iştirakçılarına seçkilərlə əlaqədar dairə və məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin qarşılıqlı təşkili, siyasi partiyaların və blokların seçkilərdə iştirakının əsasları, Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən seçki hüquqları, Seçki Məcəlləsi, əsas anlayış və prinsiplər, seçki hüquqlarının məhkəmə müdafiəsi, seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri, seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi DSK-nin nəzdində 40 seçki məntəqəsi fəaliyyət göstərir. Dəqiqləşdirilmiş siyahıya əsasən, seçicilərin sayı 40 min 203 nəfərdir. Seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb.

Məntəqələrdən 10-da veb-kameralar quraşdırılıb ki, bu da seçki günü səsvermənin gedişini onlayn izləmək imkanı yaradacaq. Ümumilikdə 241 nəfər ilk dəfə səs verən seçici qeydiyyata alınıb. Bundan əlavə seçicilərdən 6 nəfərin yaşı 100-dən yuxarıdır. Hazırda seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirilməsi istiqamətində lazımı işlər görülür.

Sonda seminar iştirakçılarına "Seçki günü üçün yaddaş” kitabçası paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR