“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib

“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib
# 04 dekabr 2015 17:30 (UTC +04:00)

Bakı-APA. Bu gün baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

SOCAR-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb.

Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahdan "APA-Economics"ə bildirilib ki, platformada 63 nəfər var: "Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir. Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR