Azərbaycanda ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin sayı 105 mini ötüb

Azərbaycanda ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin sayı 105 mini ötüb
# 09 fevral 2016 12:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin yanvar ayında 105 497 aztəminatlı ailə (453 372 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin ailələrin 29 598-i və ya 28%-i tərkibində üç və daha çox uşağı olan ailələrdir.

Ünvanlı dövlət sosial yardımı alan ailələrdə ailə üzvlərinin 21 6529 nəfəri (47,7%) yaşı 18-dək olan şəxslərdir ki, onlardan sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin sayı 4 824 nəfər təşkil edir. Qeyd olunan ailələrdə 5 151 nəfər 1 yaşadək uşaq vardır ki, onların hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq aylıq sosial müavinət də ödənilir. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli fərmanına əsasən, ölkəmizdə digər sosial müavinətlər kimi, həmin müavinətin məbləği də cari il fevralın 1-dən 10% artırılıb.

Yanvar ayında ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artaraq 152 manat təşkil edib.

Azərbaycan prezidentinin 23 fevral 2015-ci il tarixli fərmanına əsasən, nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün "Elektron hökumət" portalı üzərindən 20 dövlət qurumuna aid informasiya resurslarının inteqrasiyasını nəzərdə tutan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi yaradılıb. Ünvanlı dövlət sosial yardımlarının təyinatında məmur-vətəndaş təmaslarının aradan qaldırılmasına və şəffaflığın təminatına yönələn bu sistemin artıq ötən aydan etibarən pilot rayonlarda sınaq işlərinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR