“Qarabağ gənclərin təqdimatında” adlı tədbir keçirilib

“Qarabağ gənclərin təqdimatında” adlı tədbir keçirilib
# 24 may 2016 13:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakıda Gənclər və İdman Nazirliyi və “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağ gənclərin təqdimatında” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir Qarabağın görkəmli şəxsləri, simvol və tarixi abidələri, sənətkarlıq nümunələrindən ibarət sərginin nümayişi ilə başlayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ölkədə həyata keçirilən siyasətin ən mühüm istiqamətlərindən biri də gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və Azərbaycan tarixi irsinin təbliğatıdır: “Biz hər zaman müxtəlif layihələr vasitəsilə tariximizi, mədəni irsimizi təbliğ etməyə çalışırıq. Buna böyük ehtiyac var. Çünki hazırda düşmənimiz bizə qarşı bu yöndə əks təbliğata başlayıb. Bizim əsas vəzifəmiz həm də Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməkdir. Cənab prezidentin apardığı siyasət nəticəsində mən inanıram ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Amma o vaxta kimi gənclərimiz Qarabağın, Azərbaycanın mədəni irsinin təbliğatı istiqamətində çalışmalıdırlar”.

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında Azərbaycan dövlətinin gənclər siyasətinin uğurla inkişaf etdiyini diqqətə çatdırıb: “Bu gün Azərbaycan gəncliyi dünyada özünə layiq yer tutub. 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə dünyanın 100-dən artıq ölkəsində "Xocalıya ədalət" kampaniyası həyata keçirilib. Bu işdə dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz fəal iştirak ediblər. Mən inanıram ki, Dağlıq Qarabağın işğaldan azad olunmasında da Azərbaycan ordusu və ölkə gəncləri öz sözlərini deyəcəklər. Təsadüfi deyil ki, aprelin əvvəlində cəbhədə Azərbaycan ordusu uğurlu əməliyyat keçirdi və düşmənə layiqli cavab verdi. Bu gün hamımız görürük ki, cənab prezident şəhid ailələrinə, məcburi köçkünlərimizə necə diqqət və qayğı göstərir. Mən arzu edirəm ki, işğaldan azad olan torpaqlarımıza qayıdaq və orda quruculuq işləri ilə məşğul olaq”.

Sonra gənc musiqiçilərin, rəqqasların və aktyorların ifasında proqram nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR