Azərbaycan MM üzvləri Belçikada görüş keçiriblər

Azərbaycan MM üzvləri Belçikada görüş keçiriblər
# 05 oktyabr 2016 16:49 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov 2016-cı il oktyabrın 5-də Brüsselə səfər edibıər.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi/Avropa İttifaqı yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində öncə Belçikanın Flamand regionunun Parlamentinin prezidenti Yan Peumans ilə görüş keçirilib. Görüş zamanı Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

R.Rzayev münaqişənin tarixçəsi haqqında məlumat verib, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğalı nəticəsində 1 milyonadək azərbaycanlının qaçqına və məcburi köçkünə çevrildiyini, Dağlıq Qarabağın Azərbaycanlı icmasına qarşı Xocalı soyqırımı da daxil olmaqla çoxsaylı müharibə cinayətlərinin törədildiyini diqqətə çatdırıb, etnik təmizləmə nəticəsində bu gün həmin icmanın Azərbaycanın müxtəlif bölgələrində yaşadığını və öz doğma torpaqlarına qayıtmaq imkanına malik olmadığını diqqətə çatdırıb. O, habelə münaqişənin həlli istiqamətində müstəsna əhəmiyyətə malik amil kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasının vacibliyini önə çəkib, erməni tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən bu səylərin indiyədək heç bir nəticə vermədiyini, bu dialoqun qurulmasında Avropalı tərəfdaşlarımızın dəstəyinə ehtiyac duyulduğunu bildirib.

F.Muradov Azərbaycanın regionda davamlı sülhün qurulmasında maraqlı olduğunu və bunun üçün Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib olduğunu vurğulayıb.

O, avropalı parlamentarların Azərbaycanın razılığı olmadan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmələrinin beynəlxalq hüquqa zidd olmaqla yanaşı, münaqişənin həllinə qətiyyən töhfə vermədiyini, əksinə münaqişənin bu vəziyyətdə saxlanılmasında maraqlı olan qüvvələr tərəfindən sui-istifadə edildiyini söyləyib.

Y.Peumans Flamand regionu Parlamentinin bir neçə üzvünün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə etdiyi və öncədən Azərbaycan tərəfi ilə razılaşdırılmamış səfər ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığından xəbərdar olduğunu bildirib. O, bu səfərin heç bir halda Flamand Parlamentinin fəaliyyəti ilə əlaqəli olmadığını, həmin deputatların şəxsi təşəbbüsləri əsasında reallaşdırıldığını vurğulayıb, gələcəkdə belə halların qarşısının alınması üçün müvafiq məlumatların həmin deputatlara çatdırılacağını qeyd edib.

Sonda icma üzvləri Y.Peumansı Azərbaycana səfər etməyə dəvət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR