Azərbaycan və Çin xarici işlər nazirlərinin görüşü olub

Azərbaycan və Çin xarici işlər nazirlərinin görüşü olub
# 14 mart 2016 11:20 (UTC +04:00)

Bakı - APA. Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yanq İ ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yanq İ ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğu bildirib. O, Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusunun verilməsinə dair Memorandumun imzalanması münasibətilə təbriklərini çatdırıb, ölkəsinin Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan və Çinin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə mövqeyinin yaxınlığını deyən E. Məmmədyarov hər iki ölkənin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazığını dəstəklədiklərini vurğulayıb. Nazir bu mövqeyin Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri zamanı hər iki ölkənin rəhbərləri tərəfindən imzalanmış “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”də bir daha təsbit olunduğunu diqqətə çatdırıb.

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan E. Məmmədyarov bu xüsusda hökumətlərarası müştərək komissiyanın əhəmiyyətli rolunu qeyd edib. Azərbaycanın Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəklədiyini deyən nazir ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsi olduğunu bildirib. O, sınaq məqsədilə Çindən olan konteyner qatarlarının bu marşrut üzrə uğurla son məntəqəyə çatdığını qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin tezliklə işə düşməsi ilə bu imkanların daha da artacağını nəzərə çatdırıb.

Ermənistanın Azərbaycan münaqişəsi haqqında həmsöhbətə ətraflı məlumat verən nazir münaqişənin regional sülh və təhlükəsizlik üçün əsas hədə olduğunu söyləyib.

Yanq İ iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı həmkarının fikirlərinə şərik çıxdığını, Çinin nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu deyib. O, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR