Gəncədə silsilə oğurluqlar edən Salyan sakini tutulub

Gəncədə silsilə oğurluqlar edən Salyan sakini tutulub
# 09 aprel 2016 11:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə oğurluq edən Salyan rayon sakini saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, Əbdüləzimov Xəqani idarəyə müraciət edərək Əli Nəzmi küçəsində yerləşən evindən oğurluq edildiyini bildirib.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Salyan rayon Şikarlı kənd sakini, 1994-cü il təvəllüdlü Maqsud Əliyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, M. Əliyev mənzildə olan dəmir seyfi oğurlayaraq qonşunun həyətində açıb. Seyfdən ümumilikdə 14 min 751 manat dəyərində (3350 ABŞ dolları, 600 avro və qızıl zinət əşyaları) nağd pul və qızıl zinət əşyaları götürülüb.

Saxlanılan şəxsin ətrafında aparılan araşdırma zamanı məlum olub ki, o, son iki ay ərzində Gəncədə 4 mağaza və 1 iaşə obyektindən də oğurluq edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR